GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
Hörmətli xanımlar və cənablar!
Qardaş Gürcüstanın Prezidenti, hörmətli Mixail Nikolayeviç Saakaşvilini Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istərdim. Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfərinin böyük əhəmiyyəti var. Ölkələrimiz bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə bir-birilə tarixən çox sıx bağlıdırlar. Ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir. Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində birgə səylər, məsələlərin geniş spektrinə dair siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq, ümumi energetika layihələri, habelə ölkələrimizi və xalqlarımızı birləşdirən tarixi dostluq və qardaşlıq hissləri bu gün inamla belə deməyə əsas verir ki, Gürcüstanla Azərbaycan strateji tərəfdaşlar, mehriban qonşular və qardaş ölkələrdir.
Azərbaycanda biz Gürcüstanla münasibətlərə böyük əhəmiyyət veririk. Əminik ki, ölkələrimiz qarşıya qoyulmuş məqsədlərə, iqtisadi yüksəlişə, vətəndaşlarımızın rifahının yaxşılaşmasına ancaq birgə səylərlə nail ola bilərlər. Elə etmək lazımdır ki, vətəndaşlarımız daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşasınlar.
Bizi bir-birimizə ümumi nailiyyətlər də, ümumi problemlər də bağlayır, bir-birimizi çox yaxşı başa düşürük. Gürcü və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin bütün tarixi ərzində ölkələrimiz arasında həmişə qarşılıqlı hörmət, məhəbbət, qardaşlıq, həyanlıq hissləri olmuşdur. Tariximizin ən çətin anlarında biz həmişə bir-birimizə kömək etmişik və bundan sonra da belə olacaqdır.