GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Hörmətli qonaqlar!
Əziz dostlar!
Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Qardaş Gürcüstanın Prezidenti Mixail Nikolayeviç Saakaşvili ölkəmizə rəsmi səfərə gəlmişdir. Artıq inamla deyə bilərik ki, bu səfər çox uğurlu olmuşdur və ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsi işində mühüm rol oynayacaqdır.
Bu gün ikitərəfli münasibətlərimizə aid bütün məsələlər barəsində Gürcüstan Prezidenti ilə çox geniş fikir mübadiləmiz oldu. Biz məmnunluqla qeyd etdik ki, dövlətlərimizin müstəqilliyi dövründə Gürcüstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə qalxmışdır. Biz birlikdə regional iqtisadi, kommunikasiya layihələri həyata keçiririk. Bu gün Gürcüstanla Azərbaycanın regional siyasətin və dünya siyasətinin bir çox məsələlərində vahid mövqelərdən çıxış etməsi Qafqazda vəziyyətin sabitləşməsinin, regionumuzda sülhün və sabitliyin möhkələnməsinin mühüm amilidir.
Təəssüf ki, Qafqaz regionu çox ağır sınaqlara məruz qalmışdır. Dövlətlərimiz müstəqilliyə qovuşduqdan sonra Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzkar separatçılıq əməlləri törədilmişdir. Biz öz fəaliyyətimizlə regional təhlükəsizliyin möhkəmlənməsinə kömək etməyə, habelə dünya birliyinin fəal iştirakı ilə dövlətlərimizin ərazi bütövlüyünün bərpasına və sərhədlərinin toxunulmazlığına nail olmağa çalışacağıq.
Bizi bu gün həyata keçirilən və bütün dünyanın diqqətini özünə cəlb edən çox iri layihələr birləşdirir. Bu layihələr həm ölkələrimizin iqtisadi firavanlığı üçün vacibdir, həm də dünyada baş verən qlobal proseslər çərçivəsində mühüm rol oynayacaqdır. Ölkələrimizin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır və öz potensialımızı möhkəmləndirdikcə daha da artacaqdır. Buna görə də son dərəcə vacibdir ki, bizim iki qardaş dövlətlərimiz milli mənafelərimizin qorunmasına, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasəti bundan sonra əlaqələndirilmiş şəkildə və birgə səylərlə həyata keçirsinlər. Bu da xalqlarımızın rifah halının yüksəlməsinə, müstəqilliyimizin və təhlükəsizliyimizin möhkəmlənməsinə gətirib çıxaracaqdır.
Bizim aramızda şəxsi xarakterli çox mehriban, dostluq və qardaşlıq münasibətləri yaranmışdır ki, bu da dövlətlərimiz arasında münasibətlərin inkişafı üçün çox vacibdir. Mən əminəm ki, iki prezident arasında münasibətlər müvafiq nazirliklərimizin, baş idarələrimizin, strukturlarımızın rəhbərləri arasındakı münasibətlər üçün çox yaxşı nümunə olacaqdır. Yalnız bütün səviyyələrdə - rəsmi, işgüzar səviyyələrdə gündəlik əlaqələr Gürcüstanın və Azərbaycanın birgə irəliləməsi üçün daha əlverişli şərait yarada bilər.
Bizim yolumuz birdir, biz onu çoxdan müəyyənləşdirmişik, bu yola sadiqik və heç kim bizi bu yoldan sapındıra bilməz.
Fürsətdən istifadə edib, əsrlər boyu azərbaycanlıların dostluq və qardaşlıq telləri ilə bağlı olduğu bütün gürcü xalqına dərin hörmətimi bildirmək istəyirəm. Bizim gücümüz xalqlarımızın, sadə adamların bir-birinə nə dərəcədə yaxın olmalarından asılıdır.
Mən qardaş Gürcüstanın, qardaş gürcü xalqının və Gürcüstan Prezidenti Mixail Nikolayeviç Saakaşvilinin sağlığına badə qaldırıram.