GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN NİTQİ
Hörmətli dostlar!
Bu gün mən burada, sizin aranızda, qonaqpərvər Bakıda olduğum üçün çox xoşbəxtəm. Doğrudan da, mən özümü evimdəki kimi hiss edirəm. Hətta protokolu da elə dəyişirlər ki, bizə dincəlməyə, ünsiyyətdə olmağa, sadəcə olaraq, özümüzü normal hiss etməyə imkanımız olsun.
Düşünürəm ki, bu gün biz nəinki Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluğun davam etdirilməsini, həm də hər iki ölkənin prezidentləri arasında böyük dostluq və qardaşlığın başlandığını görürük. Bu, mənim üçün çox vacibdir. Şəxsi əlaqələr dövlət münasibətlərinə təsir göstərməməlidir, lakin tarixi əlaqələrimizi zənginləşdirə və onlara tamamilə yeni məna verə bilər. Bu sözləri aid edə biləcəyim ölkələr çox azdır. Gürcü və Azərbaycan xalqları arasında həmişə ən səmimi münasibətlər olmuşdur ki, bu da qarşılıqlı əlaqələrimizin əsas xüsusiyyətidir. Siz elə bir gürcü tapmazsınız ki, o, azərbaycanlılar və ya Azərbaycan haqqında pis söz desin. Bu, çox mühümdür. Adamlarımız həmişə tarixi dostluğumuzdan, sədaqətimizdən danışırlar və məncə, bu, böyük sərvətdir.
Biz İlham Heydəroviçin fəaliyyətini çox diqqətlə izləyirik. Hava limanında ilk olaraq onu dedim ki, - yəqin, siz bunu televiziya ilə gördünüz, - mən İlham Əliyevdən çox şeyi öyrənməyə hazıram. Bunu elə-belə demədim. Həqiqətən, əminəm ki, mən hələ çox şeyi görüb-götürməli və çox şeyi öyrənməliyəm. Ümumiyyətlə, biz Azərbaycana xeyirxah, yaxşı mənada qibtə edə bilərik. Düşünürəm ki, Gürcüstanda da hər şey yaxşı olacaqdır. Tanrının və sizin köməyinizlə. Çünki bu kömək olmadan işimiz çətin olacaq, əslində, onsuz işimiz aşmayacaqdır.
Dostluğumuzun möhkəmlənməsində fədakarlığa görə Sizə təşəkkür edirəm. Azərbaycanlılar həmişə dostluğa sadiqliyi ilə fərqlənirlər. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaqdır.
Mən İlham Əliyevin sağlığına və bütün dünyada Gürcüstanın ən böyük və sadiq dostu olan Azərbaycanın şərəfinə badə qaldırıram.
X X X
Rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Gürcüstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.