GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
“Əbədi məşəl” abidəsinin qarşısında ali qonağın şərəfinə fəxri qarovul düzülmüşdü. Gürcüstan dövlətinin başçısı ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycan övladlarının xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə əklil qoydu.
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Ali qonaq kompleksin Xatirə kitabına ürək sözlərini yazdı: “Qəhrəmanların qanı əbəs yerə tökülməmişdir. Azərbaycan güclü olmuşdur, o qüdrətli dövlət olacaq, biz isə bu qəhrəman xalqla qardaşcasına birlikdə həmişə daha güclü və daha xoşbəxt olacağıq”.
Sonra Prezident Mixail Saakaşvili Azərbaycan paytaxtının panoramını seyr etdi.
Əklilqoyma mərasimində Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev iştirak edirdilər.