GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Binə hava limanında dost ölkənin rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Mixail Saakaşvilini Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Vilayət Quliyev, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev səmimiyyətlə qarşıladılar.
Milli geyimli uşaqlar Gürcüstan Prezidentinə gül dəstəsi təqdim etdilər.
Gürcüstan dövlətinin başçısı Mixail Saakaşvili hava limanında jurnalistlərin suallarına cavab verərək dedi: -Bu, mənim üçün Azərbaycanın yeni lideri ilə yaxından tanış olmaqdan ötrü nadir imkandır. Mən ona böyük rəğbət bəsləyirəm və ondan çox şey öyrənməyə hazıram. Mən onun karyerasını, fəaliyyətini diqqətlə izləyirəm. Zənnimcə, bizim bəxtimiz gətirmişdir ki, ölkələrimizin, xüsusən Azərbaycanın belə lideri var. Prezident İlham Əliyevi Gürcüstanda olduqca çox adam sevir, ona rəğbət hissləri bəsləyir. O, Gürcüstanda çox məşhurdur. Düşünürəm ki, biz birlikdə xaqlarımız üçün, regionumuz üçün çox işlər görə bilərik. Azərbaycanın dərin hörmət hissi bəslədiyim əvvəlki rəhbərliyinin Gürcüstanın da əvvəlki rəhbərliyi ilə yaxşı münasibətləri vardı. Bu münasibətlər davam etdiriləcək, genişləndiriləcəkdir. Azərbaycan Gürcüstan üçün mühüm müttəfiq, mühüm dostdur. İlk səfərimi Bakıya etməməyimə təəssüflənirəm, lakin qəlbim həmişə məni buraya səsləyirdi. Bütün gürcülər kimi, mən də Bakını çox sevirəm.
Gürcüstan rəhbəri səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə müzakirə olunacaq məsələlərdən danışaraq dedi: -Biz istəyirik ki, birgə həyata keçirilən iqtisadi layihələr uğurla başa çatdırılsın. Energetika layihələri yalnız başlanğıcdır, onlar inkişaf etdiriləcəkdir. Mən istəyirəm ki, biz beynəlxalq təşkilatlarda bir-birimizə kömək göstərək. Mən xaricdə olarkən ən yaxşı dostlarım azərbaycanlılar idi. Biz beynəlxalq aləmdə möhkəmlənmək üçün bir-birimizə kömək etməliyik. Xarici siyasət xətlərimiz uyğun gəlir.
Gürcüstan Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha - “Ulduz” sarayına yola düşdü.