GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Qonaqları səmimiyyətlə salamlayan parlamentin sədri Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin qədim tarixini, müstəqillik illərində bunun daha da inkişaf etdiyini vurğulayaraq dedi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri sayəsində münasibətlərimiz yeni strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində regionun gələcək inkişafını təmin edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi–Ərzurum qaz kəmərləri və digər mühüm layihələr yaranmışdır. Amma bəzi problemlər ölkələrimizin inkişafında ciddi maneələr yaradır.
Daha sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açdı, problemin həlli məsələsində ölkəmizin mövqeyi barədə ətraflı məlumat verdi.
Səmimi qəbul üçün minnətdarlıq edən Prezident Mixail Saakaşvili bildirdi ki, Gürcüstan xalqı böyük siyasi xadim Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq. Heydər Əliyev yeni Azərbaycanın memarıdır və həqiqətən, regionun inkişafı və sabitliyin yaranması istiqamətində mühüm işlər görmüşdür. Gürcü xalqı onun xidmətlərini yüksək qiymətləndirir və bu dahi şəxsiyyəti daim xatırlayacaqdır.
Gürcüstan rəhbəri daha sonra dedi: Sevindirici haldır ki, Heydər Əliyevin siyasi xəttini İlham Əliyev kimi cavan, amma çox güclü və uzaqgörən siyasətçi davam etdirir. Bunun Gürcüstan üçün böyük əhəmiyyəti var. Mən Prezident İlham Əliyev haqqında çox eşitmişdim, Azərbaycana gələrkən öz dostumla görüşəcəyimi düşünürdüm. Onunla keçirdiyim görüşdən sonra belə təəssürat yarandı ki, mən öz qardaşımı tapmışam. Bir daha əmin oldum ki, cavanlığına baxmayaraq, İlham Əliyev çox güclü potensiala malik dövlət başçısıdır və öz xalqını xoşbəxt gələcəyə apara biləcək yeganə liderdir.
Ali qonaq vurğuladı ki, Azərbaycan parlamentinin Prezidenti dəstəkləməsi mühüm amildir. Çünki parlamentin dəstəyi ölkə rəhbərinə öz proqram və layihələrini həyata keçirməyə imkan yaradacaqdır.
Sonra görüş bağlı qapılar arxasında davam etdirildi.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvləri iştirak edirdilər.