Gürcüstan Tokio Olimpiadasına 35 idmançı ilə qatılacaq
Tbilisi, 10 iyul, AZƏRTAC
Gürcüstan Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında idmanın 11 növü üzrə 35 atletlə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların Tbilisidə keçirilən yolasalma mərasimində məlumat verilib.
Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, hökumətin qərarı ilə qızıl medal qazanacaq idmançılara bir milyon lari (təxminən 542 min manat) məbləğində mükafat veriləcək.
İdmançılara qələbə və uğurlar arzulayan hökumət başçısı Olimpiadada Gürcüstanın dövlət bayrağının dəfələrlə qaldırılacağına və himninin səsləndiriləcəyinə əminliyini bildirib.
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti, güləş üzrə Olimpiya və dünya çempionu Leri Xabelov komandada çoxlu sayda təcrübəli və titullu idmançıların olduğunu deyib. Onun sözlərinə görə, komandanın əvvəlki Olimpiadanın nəticələrini yaxşılaşdırması üçün bütün resurs və imkanları var.
Mərasimdə Prezident Salome Zurabişvili, parlamentin sədri Kaxa Kuçava və digər rəsmi şəxslər də iştirak ediblər.
Qeyd edək ki, komandada azərbaycanlı idmançı, 22 yaşlı boksçu Sahil Allahverdiyev də yer alıb. O, 52 kiloqram çəki dərəcəsində mübarizə aparaq.
“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunları 2020-ci ilin yayında keçirilməli olsa da, koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi