Gürcüstanda bütün seçkilər üzrə səsvermə yalnız ölkə daxilində keçiriləcək
Tbilisi, 17 dekabr, AZƏRTAC
Gürcüstanda parlament, bələdiyyə və digər seçkilər üzrə səsvermə yalnız ölkə daxilində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamenti bununla əlaqədar ölkənin Seçki Məcəlləsinə dəyişikliklər edib.
Seçki Məcəlləsinə dəyişiklikləri 79 deputat dəstəkləyib, 11 deputat isə əleyhinə səs verib.
Bildirilib ki, bundan sonra Gürcüstanda bələdiyyə seçkiləri kimi parlament seçkiləri də yalnız ölkə daxilində keçiriləcək. Gürcüstan vətəndaşları parlament seçkiləri ilə yanaşı, plebisit və referendum zamanı da səsvermə hüququndan yalnız dövlət sərhədləri daxilində istifadə edə biləcəklər.
Məcəlləyə edilən digər dəyişikliyə əsasən siyasi partiyalar parlament və bələdiyyə seçkilərində yalnız üzvlərinin namizədliklərini irəli sürə biləcəklər. Partiya mənsubiyyəti olmayan şəxsin namizədliyini isə yalnız təşəbbüs qrupları irəli sürə biləcəklər.
Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda keçirilən parlament seçkiləri zamanı xarici ölkələrdə də seçki məntəqələri yaradılırdı. Qonşu ölkədə növbəti parlament seçkiləri 2028-ci ilin oktyabrına təyin olunub.
Gürcüstanda birbaşa prezident seçkiləri isə sonuncu dəfə 2018-ci ildə baş tutub. Ölkənin parlament idarəetmə formasına keçməsindən sonra dövlət başçısı 300 nəfərdən ibarət Seçicilər Kollegiyası tərəfindən seçilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi