Gürcüstanın xarici dövlət borcu ÜDM-in 60 faizindən çoxdur
Tbilisi, 10 iyul, AZƏRTAC
Gürcüstanın xarici dövlət borcu hazırda ümumi daxili məhsul (ÜDM) istehsalının 60 faizindən çoxdur. Bu da ölkənin müstəqillik dövründə ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin hesabatına əsasən, ölkənin xarici dövlət borcu 2020-ci ildə 31,3 faiz artaraq 7,5 milyard dollar təşkil edib.
Ekspertlər hesab edirlər ki, Gürcüstanın xarici dövlət borcu uzun illər ərzində tədricən artıb.
Borcun 2020-ci ildə artmasına əsasən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalar və dövlətin əhalinin aztəminatlı təbəqəsinə pandemiya dövründəki əlavə yardımları səbəb olub. Dövlətin əhaliyə yardımı nəticəsində dövlət büdcəsində 8 faiz kəsir yaranıb.
İqtisadiyyatın kiçilməsi büdcə gəlirlərinin azalmasına səbəb olub. Hökumətin büdcədən səhiyyə üçün nəzərdə tutduğu xərclər 0,9 milyard GEL artıb. Bununla başqa, hökumət büdcədən biznesin müdafiəsi, kompaniya və iri şirkətlərə dəstək üçün 3 milyard GEL, əhalinin aztəminatlı təbəqəsinə yardım üçün 1,3 milyard GEL əlavə vəsait xərcləyib.
Gürcüstan hökuməti büdcə kəsirini bağlamaq üçün ən çox beynəlxalq bank və korporasiyalardan borc alıb. Bu gün Gürcüstanın Dünya Bankı Qrupuna 2 milyard 63,1 milyon dollar, Asiya İnkişaf Bankına 1 milyard 762,4 milyon dollar, Avropa İnvestisiya Bankına 763,1 milyon dollar borcu var.
Maliyyə Nazirliyinin hesabatına görə, koronavirus pandemiyası 2020-2021-ci illərdə Gürcüstan dövlət büdcəsinə 7,2 milyard lariyə (2,25 milyard dollar) başa gəlib.
Sistemli təhlilə əsasən, hökumətin xarici borcu 2019-cu illə müqayisədə 30,4 faiz artaraq 2020-ci ildə 7,2 milyard dollar olub. Milli Bankın borcu isə 50 faiz artaraq 373 milyon dollar təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi