Gürcüstanlı seysmoloqlar Azərbaycanda səfərdədirlər
Bakı, 22 dekabr, AZƏRTAC
Gürcüstan Respublikası İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində RSXM-nin Monitorinq Mərkəzində gürcüstanlı qonaqlarla görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, baş direktorun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov iştirak ediblər.
Müzakirələrdə ikitərəfli əməkdaşlıq və beynəlxalq layihələrdə birgə iştirak məsələlərinə toxunulub. Qurban Yetirmişli qonaqlara beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən 22 seysmik stansiya və həmin stansiyaların quraşdırılması haqqında ətraflı məlumat verib. Bildirib ki, həmin stansiyalardan 3-ü seçilmiş müvafiq ərazilərdə yerləşdirilib. Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında isə 12 seysmik stansiya quraşdırılacaq ki, həmin istiqamətdə də işlərə başlanıb. Baş direktor onu da vurğulayıb ki, indiyə qədər dünya ölkələrinin təcrübəsində palçıq vulkanlarında gedən proseslərin seysmik stansiyalar vasitəsilə öyrənilməsi təcrübəsi olmayıb. Azərbaycanda palçıq vulkanları ətrafında quraşdırılacaq stansiyalar ilk olacaq.
Professor Tea Godoladze isə Azərbaycanda seysmik tədqiqatların yüksək səviyyədə aparıldığını qeyd edərək, yeni stansiyaların quraşdırılmasından sonra aparılan tədqiqatların keyfiyyətinin daha da yüksələcəyini qeyd edib. Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Gürcüstanın İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin uzun illərdir əməkdaşlıq etdiyini bildirən Tea Godoladze tərəflər arasında davamlı olaraq məlumat mübadiləsi, kadrların təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin həyata keçirildiyini bildirib.
Akademik İbrahim Quliyev isə region ölkələrin seysmoloji mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsinin, ümumilikdə, regionun seysmikliyinin öyrənilməsi və yeni elmi nəticələrin əldə olunması baxımından əhəmiyyətli olduğunu deyib.
Qeyd edək ki, gürcüstanlı seysmoloqlar səfər çərçivəsində mərkəzin əməkdaşları üçün yeni seysmik stansiyaların məlumatların emalına dair təlim keçiblər.