İDMAN
Hacı Əliyev: İdman azarkeşlərinin fəal dəstəyi ilə Vətənimizi layiqincə təmsil etməyə çalışacağıq
Bakı, 9 iyun, Həsrət Mahmudova, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər bir azərbaycanlı kimi, idmançıların da hədsiz sevincinə səbəb olub. Dünyada ilk dəfə keçirilən belə mötəbər yarışın iştirakçısı olmaq isə sevincimizi və həyəcanımızı daha da artırır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində güləş üzrə Avropa çempionu Hacı Əliyev deyib.
İlk Avropa Oyunlarında çıxış etməsinin qürurverici olduğunu vurğulayan gənc güləşçi bildirib: “Bu, mənim üçün böyük fəxrdir. Uğur qazanmaq, medallara sahib olmaq üçün xalqımızın, azarkeşlərimizin fəal dəstəyi bizim üçün çox vacibdir. Biz idmançılar da çalışacağıq ki, bayrağımızı zirvəyə qaldıraq. Birinci Avropa Oyunlarına ciddi hazırlaşmışıq. Azərbaycan dövləti tərəfindən bizim üçün hər cür şərait yaradılıb. Bizə göstərilən bu etimadı layiqincə doğrultmaq üçün azarkeşlərimizin fəal dəstəyi ilə Vətənimizi layiqincə təmsil edib mükafatçılar sırasında yer almağa çalışacağıq”.