“Hackathon”un qalibləri Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılacaqlar
Şamaxı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda “Hackathon”a start verilib. Regiondan olan 30 nəfərə yaxın gəncin iştirakı ilə keçirilən “Hackathon” iki gün davam edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsi məqsədi daşıyan tədbirin ilk günündə iştirakçılar “Startap nədir?”, “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış ediliblər.
Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilən layihələr üzrə “Hackathon” zamanı qazandıqları bilikləri tətbiq etməyə çalışıblar.
Sonda “İgor”, “Online lesson” və “Smart SOS” komandaları müvafiq olaraq I, II və III yerləri qazanıblar. Qalib komandalar Şamaxı “ASAN xidmət”ə yerləşən INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar.
INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin bölmə müdiri Tengiz Ağakişiyev mətbuata açıqlamasında “Hackathon”nun məqsədləri barədə danışaraq, qalib komandaların təsisçilərinin 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə etdiklərini bildirib.