Hakan Fidan: Türkiyə-Avropa İttifaqı münasibətlərində konstruktiv dinamika müşahidə olunur
Ankara, 1 iyul, AZƏRTAC
Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər konstruktiv məcrada inkişafını sürətlə davam etdirir. Ankara Brüssel ilə bütün səviyyələrdə atılan müsbət addımlardan məmnundur.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada qırğızıstanlı həmkarı Jeenbek Kulubayevlə keçirdiyi danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə və Aİ arasında yüksək səviyyəli görüşlər yenidən bərpa olunub. Həmin görüşlərin gündəliyinə iqtisadiyyat, ticarət, miqrasiya, təhlükəsizlik, elm və texnologiyalar sahələrində əməkdaşlıq məsələləri daxildir.
Türkiyənin xarici işlər naziri Avropa İnvestisiya Bankının Türkiyə bazarında fəaliyyətini qismən bərpa etməsinə də diqqət çəkib. “Ümid edirik ki, Aİ ilə münasibətlərimiz bundan sonra da praqmatik əsasda inkişaf edəcək və konkret nəticələr verəcək”, – deyə Hakan Fidan bildirib.
O qeyd edib ki, bir-iki ölkə istisna olmaqla, Türkiyənin Aİ-yə üzv dövlətlərlə ikitərəfli münasibətləri çox müsbət istiqamətdə inkişaf edir.
Türkiyənin xarici işlər naziri daha sonra Ankarada keçiriləcək NATO sammiti ilə bağlı gözləntilərini bölüşüb.
“22 ildən sonra Türkiyə yenidən NATO sammitinə ev sahibliyi edir. NATO liderlərinin əvvəlki görüşü 2004-cü ildə keçiriləndə Rəcəb Tayyib Ərdoğan Türkiyənin Baş naziri idi və ölkəyə gələn qonaqları qarşılayırdı. Bu gün isə o, son dərəcə mühüm əhəmiyyət daşıyan növbəti NATO sammitinə yenidən ev sahibliyi edəcək”, – deyə türkiyəli nazir vurğulayıb.
Hakan Fidan NATO sammitlərində qəbul edilən bütün qərarların həyata keçirilməsinin vacibliyini də qeyd edib. “Ankara sammitində Alyansın son iki toplantısında qəbul edilmiş qərarların necə icra olunduğu da müzakirə olunacaq. Xüsusilə, yükün bölüşdürülməsi prinsipi və NATO üzvlərinin təhlükəsizliyin təmin edilməsinə praktiki birgə töhfə məsələsinə yenidən baxılacaq”, – deyə o bildirib.