Hans Kluqe: koronavirusa yoluxanlar ayrı-seçkiliyə məruz qalmamalıdır
Bakı, 18 iyun, Əziz Məmmədov, AZƏRTAC
Dünya əhalisinin 22 faizi və ya təxminən 1,7 milyard insan ən azı bir müşayiətedici xəstəliklə yaşayır. Bu da, təbii ki, koronavirusa yoluxmuş xəstələrdə ağırlaşmalar baş verdikdə ciddi təhlükə yaradır. Koronavirusa yoluxanlar ayrı-seçkiliyə məruz qalmamalıdır. Eyni zamanda, həkimlər və xəstələr üçün təhlükəsiz şərait yaradılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun (ARB) direktoru Hans Klyuge jurnalistlərlə onlayn-brifinq zamanı səsləndirib. O, 2018-2019-cu illərdə dünya üzrə təxminən 150 min nəfərin ölümünə səbəb olmuş qrip mövsümünün payız aylarında yenidən başlayacağını diqqətə çatdırıb. “Qripə qarşı peyvəndin aparılması həkimlərin və qripə yoluxmağa meyilli insanların yoluxma riskini müəyyən dərəcədə azaltmağa imkan verəcək”, - deyə Kluqe söyləyib.
Hans Kluqe qeyd edib ki, “RECOVERY”in Britaniyada aparılmış klinik sınaqlarının nəticələrinə əsasən deksametazon kortikosteroidinin istifadə edilməsi COVID-19-a yoluxmuş xəstələr arasında ölüm hallarını azaldır. Bunun ümidverici hal olduğunu vurğulayan Kluqe deyib: “Hər gün koronavirus və onun effektiv müalicə üsulları haqqında daha çox məlumat əldə edirik. Bununla yanaşı, böhran hələ aradan qaldırılmayıb. Hələ bu mübarizəni eyni inadla davam etdirmək lazımdır. Dünyanın müxtəlif ölkələrində tətbiq edilən ümumi karantin rejimi və sosial məsafənin təmin edilməsi bizə vaxt qazanmağa imkan verdi. Biz bundan hazırlığın səviyyəsini yüksəltmək və düzgün tibbi yardım göstərmək üçün istifadə etməliyik”.