Havaların kəskin soyuması ilə əlaqədar təbii qaza tələbat artıb
Bakı, 11 fevral, AZƏRTAC
Havaların kəskin soyuması ilə əlaqədar təbii qaza tələbat artıb. Buna baxmayaraq, tələbata uyğun olaraq abonentlər təbii qazla təmin edilir və bu sahədə hər hansı problem yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüşdə deyib. Şöbə rəisi bildirib ki, bu il fevralın 9-da 42 milyon 721 min kubmetr qaz qəbul edilib: “Bunun 24 milyon 555 min kubmetri Bakı və Abşeron yarımadasının, 18 milyon 166 min kubmetri isə regionların payına düşür”.
Qurum rəsmisi, həmçinin qeydə alınan göstəricilərin ötən ilin mövcud günü ilə müqayisədə 8 milyon 170 min kubmetr çox olduğunu da diqqətə çatdırıb.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev paytaxtda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar son 3 gündə qaz təsərrüfatına dəyən ziyandan söz açıb: “10 ünvanda ağac və daş hasarların aşması nəticəsində sayğaclara ziyan dəyib, 1 ünvanda isə avtoqəza baş verib. Qəza nəticəsində diametri 219 millimetr olan ortatəzyiqli qaz xətti qırılıb, nəticədə 1500 abonent qazsız qalıb”, - deyə o qeyd edib. Onun sözlərinə görə, hadisə baş verəndən sonra dərhal Birlik əməkdaşları əraziyə cəlb olunub və qəzanın nəticələri qısa müddətdə aradan qaldırılıb.