HDQ-nin Göyərtə qrupunun NATO standartlarına uyğun müvəffəqiyyətlə qiymətləndirilməsi keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndə heyətinin müşahidəçi qismində iştirak etdiyi SEL-1-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarət olub.
İlk dəfə keçirilən bu qiymətləndirmə Silahlı Qüvvələrimizin nümayəndələri tərəfindən aparılıb. Bu, Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun silsilə qiymətləndirmələrinin başlanğıcıdır.