Həkim Regina Nemətova ana südünün saxlanılması qaydalarından danışıb
Bakı, 10 iyul, AZƏRTAC
Ana südünü sağılmış halda verən analar müəyyən qaydalarla tanış olmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova bildirib. Onun sözlərinə görə, ana südünü sağmamışdan öncə əllər sabunla yuyulmalı, manual və ya elektrik südsağan aparat təmiz olmalıdır: “Südü saxlamaq üçün xüsusi plastik süd konteynerlərindən istifadə etmək lazımdır. Onların tərkibində uşağın sağlamlığına mənfi təsir edən bisfenol-A adlı maddə olmur. Hər konteynerdə 60-90 millilitrdən çox olmayan süd porsiyaları olmalıdır. Əks halda, istifadə edilməyən digər porsiyalar əridiləndən sonra yararsız sayılır”.
R.Nemətova qeyd edib ki, CDC-nin (Centers for Disease Control and Prevention; Xəstəliklərin kontrol və profilaktikası üzrə mərkəz) tövsiyələrinə əsasən, təzə sağılmış süd otaq temperaturunda 4 saat, soyuducuda 4 gün, soyuducunun buzxanasında isə 6 aya qədər, ehtiyac olarsa 12 aya qədər saxlanıla bilər: “Ana südü əridildikdən sonra 4-5 saat ərzində istifadə oluna bilər. Təkrar soyuducuya qoyulmur və əgər vaxtı keçərsə, tullanılır”.