Helsinkidə “Süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri” mövzusunda konfrans keçirilib
Helsinki, 4 mart, AZƏRTAC
Finlandiyanın paytaxtı Helsinkidə “Süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Finlandiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Finlandiya hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri mövzularını əhatə edən üç sessiya çərçivəsində müzakirələr aparılıb.
Konfransın ilk günü süni intellektlərin (robotların) insan haqlarına və demokratiyaya təsiri ilə bağlı məsələlər müzakirə olunub. Konfransda çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müasir dövrdə “Elektron hökumət”in formalaşdırılmasının və səmərəli fəaliyyətinin təmin olunmasının demokratiyanın daha da inkişafına təsir edən amillərdən biri olduğunu, ölkəmizdə “Elektron hökumət”in formalaşdırılmasının beynəlxalq təcrübəyə əsaslandığını və bununla bağlı müvafiq hüquqi bazanın yaradıldığını deyib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərdiyini, müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirdiyini bildirib. Aparat rəhbəri elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzinin yaradıldığını, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastrukturun qurulduğunu, “Elektron hökumət” portalının hazırlanaraq istifadəyə verildiyini, bütün dövlət qurumlarının bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bildiklərini və bununla da insan hüquqlarının müdafiəsinə töhfə verdiklərini vurğulayıb.
Konfransın ikinci günü süni intellektin qanunun aliliyinə təsiri mövzusunda müzakirələr aparılıb. Ombudsman Aparatının rəhbəri sessiyanın panelistlərinə cinayət işlərinin, xüsusilə sülh və bəşəriyyət, insanlıq əleyhinə olan cinayətlərin istintaqı prosesinə süni intellektlərin cəlb olunması imkanları ilə bağlı sualla müraciət edib. O, bu sualın verilmə zərurətinin artıq uzun illərdir ki, Azərbaycana qarşı ikili standartların sərgilənməsi, xalqımıza qarşı törədilən beynəlxalq cinayətlərə ədalətli hüquqi qiymətin verilməməsi, bu cinayəti törətmiş şəxslərin hələ də cəzalandırılmaması ilə bağlı olduğunu vurğulayıb. O, Xocalı faciəsi haqqında geniş məlumat verərək, fevralın 26-da ölkə başçısının və 55 mindən çox azərbaycanlının iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşünün keçirildiyini diqqətə çatdırıb. 27 ildir ki, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edildiyi, lakin hər hansı bir nəticənin olmadığı, səbəbin isə ikili standartlar, bəzi dövlətlərin siyasi maraqlarının olması qeyd edilib. Problemin həllinə süni intellektlərin cəlb edilməsi istəyinin isə bu sahədə səlahiyyəti olan qurumlarda çalışan bəzi insanların ikili standartlara yol verməsi, ədalətli yanaşma sərgiləməməsinin olması vurğulanıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki