HƏMYERLİLƏRİMİZ BEYNƏLXALQ PEDAQOJİ FORUMUN RƏHBƏR ORQANLARINA SEÇİLMİŞLƏR
Tədbirdə dünyanın 31 ölkəsinin rus dilində tədris aparılan ali və orta təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir. Ölkəmizi bu forumda Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyev və Bakının Nizami rayonundakı 145 nömrəli orta məktəbin direktoru, Azərbaycandakı Rus İcmasının sədr müavini Nikolay Vasilçenko təmsil etmişdir.
Forumun əsas məqsədi xarici ölkələrdə rus dili tədrisinin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, bu zaman ən müasir təhsil proqramlarından, vasitələrindən istifadə olunması, beynəlxalq ünsiyyətdə, mədəniyyətlərarası dialoqda rus dilinin rolunun gücləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması olmuşdur.
Forumun əsas rəhbər orqanı olan Əlaqələndirmə Şurasının 11 nəfərdən ibarət tərkibinə N.Vasilçenko da seçilmiş, o, eyni zamanda konfransın keçirildiyi gün Moskva meri Yuri Lujkovun imzası ilə Beynəlxalq Rusiya Həmvətənləri Şurasının fəxri diplomu ilə təltif edilmişdir. Professor A.Hacıyev isə elmi metodik şuranın üzvü seçilmişdir. Ona Moskva Humanitar Pedaqoji İnstitutunun fəxri professoru diplomu da təqdim olunmuşdur.
Forumun son günü tədbir iştirakçılarının şərəfinə “Lujniki” idman sarayında bayram konserti təşkil edilmişdir. Tədbir iştirakçıları rus dilinin tədrisinə verdiyi dəstəyə görə Moskva merinə təşəkkürlərini bildirmişlər.