HƏR BANKA ORTA HESABLA 16,4 MİLYARD MANAT NİZAMNAMƏ KAPİTALI DÜŞÜR
41 kredit təşkilatının əhalinin əmanətlərini cəlb etmək, 43-nün xarici valyuta ilə, 1-nin qiymətli metallarla, 27-nin isə kredit kartları ilə əməliyyatlar aparmağa icazəsi vardır.
Azərbaycanda fevralın 1-nə 45 bank fəaliyyətdədir. 17 bank xarici kapitalın iştirakı ilə fəaliyyət göstərir. Onlardan 4-də xarici kapitalın payı 50-100 faiz arasındadır, 11-də 50 faizdən azdır. 2 bank isə qeyri-rezident bankların filialları kimi fəaliyyət göstərir.
Kredit təşkilatlarının ümumən 310 filialı var. Xaricdə bir filial, bir nümayəndəlik və bir törəmə bank fəaliyyət göstərir. Qeyri-bank kredit təşkilatlarının isə 19 filialı var.
Fevralın 1-nə bankların nizamnamə kapitalı 738 milyard manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.
Nizamnamə kapitalının ümumi məbləğinin 81 milyard manatı dövlət banklarının, 657 milyard manatı isə özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə fondu 294,7 milyard manat olmuşdur ki, bu da nizamnamə fondunun ümumi həcminin 39,9 faizidir.
Bankların hər birinə orta hesabla 16,4 milyard manat nizamnamə kapitalı düşür.