Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı olub
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində komandanlığın iştirakı ilə intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev zabit, gizir və çavuş heyətinin iştirakı ilə keçirilən intensiv ingilis dili kurslarının əhəmiyyətindən və mahiyyətindən danışıb. O, təməl, orta və təkmilləşdirmə qruplarından ibarət kursları bitirən dinləyicilərə gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.