Hərbi ekspert: Şuşa əməliyyatı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi
Bakı, 8 noyabr, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində Şuşa döyüşlərinin xüsusilə əhəmiyyəti var. Düşməninin burada mühüm strateji yüksəklikləri əlində saxlamasına, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin heç bir ağır texnika istifadə etmədən döyüşü aparmasına, eyni zamanda, müharibədə daim erməni hərbi-siyasi rəhbərliyinin, şəxsi heyətin, komandirlərin məğlubiyyətinin hansısa bəhanələrlə pilotsuz uçuş aparatları və digər texnoloji vasitələrinin tətbiqi ilə əlaqələndirməsinə baxmayaraq, Şuşa əməliyyatı bunların hamısına son qoydu, Azərbaycan əsgərinin şücaətini, qəhrəmanlığını dünyaya göstərmiş oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşa istiqamətində döyüşlərdən danışan hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov bildirib.
Hərbi ekspert qeyd edib ki, Şuşa azadlığa müzəffər Azərbaycan Ordusunun şücaəti, xalqımızın birlik ruhunun möhkəmliyi, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, əzmkarlığı hesabına qovuşdu. “Hərb tarixində Şuşa əməliyyatının xüsusi yeri var. Hazırda dünyanın aparıcı ordularında da bu əməliyyat öyrənilir. Qarabağın ürəyi olan Şuşanın Azərbaycan Ordusu tərəfindən düşməndən azad olunması Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ümumiyyətlə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarında Şuşa əməliyyatının əhəmiyyətini görə bilərik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə həyata keçirdiyi hərbi əməliyyatlar digər bölmələrin düşmənin Şuşaya cəmləşməsinin qarşısını almağa və xüsusi təyinatlılarımız üçün burada konkret döyüş tapşırıqlarını yerinə yetirməyə əlverişli şərait yaratdı. Bunun da öhdəsindən Azərbaycan Ordusu mükəmməl şəkildə gəldi. Ordumuz Şuşanı azad etdikdən sonra düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi”, - deyə ehtiyatda olan zabit vurğulayıb.