Hərbi ekspert: Şuşaya atılan raketin modifikasiyası Rusiyanın Ermənistana verdiyi raketin modifikasiyasına uyğun gəlmir
Bakı, 1 aprel, AZƏRTAC
Müharibə başlayan ilk gündən Ermənistan hərbi rəhbərliyində təmsil olunan şəxslər Azərbaycanı davamlı olaraq “İsgəndər” raketləri ilə təhdid etmişlər. Ermənistanda keçmiş prezident Serj Sarkisyan daxil olmaqla, general-polkovnik Movses Akopyan və baş nazir Paşinyanın özü də müharibə dövründə bu raketlərin istifadə olunmasına dair səs-küylü bəyanatlar səsləndiriblər. Şuşaya atılan raketin modifikasiyası Rusiyanın Ermənistana verdiyi raketin modifikasiyasına uyğun gəlmir. Yəni, Rusiya Ermənistana “İsgəndər E” modifikasiyası verdiyini bildirmişdi. Amma Şuşada tapılan isə daha güclü “İsgəndər M” kompleksinin raketidir.
Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.
Hərbi ekspert xatırladıb ki, martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları Şuşa ətrafında “İsgəndər” raketinin qalıqlarını aşkarlayıblar. Maraqlı odur ki, bu raket qalıqları Rusiyanın Ermənistana verdiyini və rəsmən açıqladığı “İsgəndər E” modifikasiyası deyil, raket qalıqları “İsgəndər”in daha uzaq mənzilli və nüvə başlığı daşıya bilən “İsgəndər-M” versiyasına aiddir. Bu versiya 500 kilometr mənzilə malik orta mənzilli raketlər sinfinə aiddir. Həmin raketlərin isə ixracı 1987-ci ildə ABŞ ilə SSR arasında imzalanan “Yaxın və orta mənzilli raketlərin məhv edilməsi”nə dair müqavilənin tələblərinə tamamilə ziddir.
Ədalət Verdiyev qeyd edib ki, digər tərəfdən isə bu raketlərin Ermənistana verilməsi rəsmi olaraq heç bir mənbədə əksini tapmayıb. Hesabatlarda da “İsgəndər-M” versiyasının Ermənistana verilməsi barədə məlumatlar mövcud deyil. Belə olan halda həmin raketlərin buraxılması ilə bağlı Ermənistanın potensiala malik olmadığını da nəzərə almalıyıq. Kifayət qədər suallar doğuran bu fakt yəqin ki, daha detallı şəkildə araşdırılıb, əldə olunan məlumatlar müvafiq təşkilatlara təqdim ediləcək. Çünki Ermənistan heç bir zaman “İsgəndər” raketlərinin buraxılışını həyata keçirməyib. Dolayısıyla Ermənistan ordusu “İsgəndər-M” raketinin buraxılması üçün heç bir hazırlıqlı heyətə malik deyil. “İnanırıq ki, qısa müddət ərzində bu məsələyə aydınlıq gətiriləcək”, - deyə ekspert vurğulayıb.