Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunub
Bakı, 10 noyabr, AZƏRTAC
Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinə döyüş bayrağının təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib.
Tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra HHQ komandanı əlamətdar gün münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.
Sonra Azərbaycan Prezidentinin müvafiq təqdimatı ilə verilən döyüş bayrağı hərbi hissənin komandirinə təqdim olunub, dövlət himni səsləndirilib.
Döyüş bayrağı təntənəli keçidlə sıra meydanından aparıldıqdan sonra mərasim başa çatıb.
Kürdəmir rayon mədəniyyət şöbəsinin nümayəndələrinin iştirakı ilə hərbi hissədə bayram konserti keçirilib.