ORDU
Hərbi hissənin yaradılmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da “N” hərbi hissəsinin yaradılmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və sonrakı əməliyyatlarda iştirakından danışıblar. Qeyd olunub ki, hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirdiyi, Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim yüksək səviyyədə saxlanıldığı diqqətə çatdırılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb. Həmçinin məktəblilər tərəfindən tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirin bədii hissəsində vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri səsləndirilib.