Hesablama Palatasında səmərəlilik auditi üzrə təlim keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Hesablama Palatası ilə Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında 2020-ci ildən həyata keçirilməkdə olan layihə çərçivəsində bu il üzrə nəzərdə tutulan növbəti fəaliyyətlərdən biri olaraq beynəlxalq ekspert Andreas von Gaal tərəfindən səmərəlilik auditi üzrə təlim keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, təlimdə Hesablama Palatasının səmərəlilik auditi şöbəsinin əməkdaşları ilə yanaşı, digər struktur bölmələrinin əməkdaşları da iştirak ediblər. Andreas von Gaal təlim iştirakçılarını səmərəlilik auditinin əsasları, əsas yanaşmalar, auditin planlaşdırma, sahə işi və yekun olaraq hesabatın hazırlanması mərhələlərində tətbiq olunan beynəlxalq audit təcrübəsi ilə tanış edib, bir sıra qabaqcıl Ali Audit Qurumları tərəfindən beynəlxalq audit standartlarına uyğun aparılan səmərəlilik auditi təcrübəsi barədə məlumat verib. Təlim iştirakçıların mövzu üzrə sualları və müzakirələri ilə yekunlaşıb.