HEYDƏR ƏLİYEV AZƏRBAYCAN TARİXİNƏ MÖHÜRÜNÜ VURMUŞ LİDERDİR
Türkiyənin nüfuzlu mətbu nəşrlərindən olan “Bioqrafik analiz” jurnalının fevral nömrəsində xalqımızın ümummilli lideri Heydər Əliyevə və onun siyasi xəttinin davamçısı Azərbaycan Prezidenti İlham Əliyev haqqında geniş məqalələr dərc edilmişdir.Yazıların birində Prezident Heydər Əliyevin ölkəmizin həyatındakı roluna xüsusi yer ayrılaraq, onun Azərbaycan tarixinə möhürünü vurmuş bir lider olduğu vurğulanır, Azərbaycanı 1990-cı illərin əvvəlində düşdüyü siyasi və iqtisadi böhrandan çıxarmaq üçün üzərinə böyük məsuliyyət götürdüyü xatırladılır. Müəllif Süleyman Doğanın fikrincə, Heydər Əliyevin həm ölkədə, həm də bölgədə sülhün bərqərar olunmasında oynadığı rol bu gün daha yaxşı anlaşılır. Bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan xətt yeridən Heydər Əliyev, böyük dövlətlər arasında tarazlaşdırılmış siyasətə üstünlük verərək, Azərbaycanın dünyanın nüfuzlu ölkələri arasına daxil olmasında mühüm rol oynamışdır.Jurnalda Türkiyənin ən nüfuzlu yazarlarından olan Taha Akyolun “Milliyyət” qəzetində dərc etdirdiyi “Heydər Əliyev və yaradıcı liderlik” məqaləsinə də yer ayrılmışdır.Türkiyədə müxtəlif vaxtlarda mədəniyyət naziri, dövlət naziri və prezidentin müşaviri vəzifələrində işləyən görkəmli ziyalı Namiq Kamal Zeybəkin “Devrilən bir dağdır” sərlövhəli məqaləsində isə, Heydər Əliyevin Azərbaycanda və Moskvada işlədiyi dövrlərdə Azərbaycana, habelə digər türkdilli respublikalara xidməti vurğulanmışdır. Türkiyənin tanınmış jurnalisti İrfan Ülkünün məqaləsi isə “2004-cü il Azərbaycanda İlham Əliyev ili olacaq” sərlövhəsi altında dərc edilmişdir. Müəllif yazır ki, Qafqazda İlham Əliyev amili həm Qərbdə, həm də Şərqdə nəzərə alınması zəruri olan bir amil kimi artıq indidən ortaya çıxır. Dinamik, enerjili, qətiyyətli, problemləri həll edə bilən bir siyasətçi imicinə malik olan Azərbaycan rəhbəri 2004-cü il üçün hazırladığı layihələri sürətlə həyata keçirir. Buna görə də mübaliğəsiz, 2004-cü il Azərbaycanda “İlham Əliyev ili” olacaqdır deyilə bilər.Qardaş ölkənin başqa bir nüfuzlu yazarı Nevzat Yalçıntaşın məqaləsində Prezident Heydər Əliyevin son mənzilə böyük bir izdihamla yola salınması onun öz xalqı üçün necə böyük şəxsiyyət olmasının göstəricisi kimi qiymətləndirilmişdir. Jurnalda Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Bugünkü Azərbaycanın daxili və xarici siyasəti” sərlövhəli geniş məqaləsi də dərc olunmuşdur. Məqalədə, Azərbaycan tarixinin müstəqillik dövrü təhlil edilir, xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əldə edilən nailiyyətlərdən ətraflı bəhs edilir, Prezident İlham Əliyevin də atasının siyasi xəttini dünyada və cəmiyyətdə yaranan yeniliklərlə zənginləşdirərək və inkişaf etdirərək davam etdirdiyi vurğulanır.