“Heydər Əliyev: Azərbaycanda elm və təhsil” - elmi konfrans
Bakı, 21 iyun, AZƏRTAC
S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III şagird respublika elmi-praktik konfransı keçirilib. Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov “Heydər Əliyev İli” çərçivəsində gimnaziyada bir sıra yarış və müsabiqələrin keçirildiyini söyləyib. O, “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III şagird respublika elmi-praktik konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildirib. İ.Talıbov gimnaziyada fəaliyyət göstərən “Kiçik Akademiya”nın fəaliyyətindən danışaraq şagirdlərin beynəlxalq tədbirlərdəki nailiyyətlərini qeyd edib, onların elm yolunda uğurla addımladıqlarını bildirib.
Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, Şərqşünaslıq İnstitutunun icraçı direktoru Ruhəngiz Cümşüdlü, həmin institutun aparıcı elmi işçisi dosent Sübhan Talıblı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktor müavini Şasəddin Mikayılov konfransın şagirdlərin inkişafında, onlarda sərbəst düşüncənin formalaşmasında mühüm rol oynayacağını, gələcəyin alimlərinin aşkar edilməsində əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, bu cür tədbirlər şagirdlərin sərbəst fikir yürüdə bilməsi, mütəmadi olaraq alim və mütəxəssislərlə görüşlərin keçirilməsi onların formalaşması üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin bu cür konfransların keçirilməsi istedadlı uşaqların üzə çıxarılması, o cümlədən Türk dünyası şagirdlərinin ideya və düşüncə birliyi üçün də zəmin yaradır.
Sonra konfrans işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya-biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya” və “Estetik və fiziki tərbiyə” bölmələrində davam etdirib. Konfransda 82 şagird öz elmi işini təqdim edib.
Konfransın yekununda hər bölmə üzrə yüksək nəticə göstərən üç şagird mükafata layiq görülüb. Konfransın bağlanış mərasimində mükafata layiq görülən şagirdlərə müvafiq dərəcəli medal, diplom və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub. Həmçinin şagirdlərin elmi rəhbərlərinə sertifikatlar, münsiflər heyətinin üzvlərinə, tərəfdaş təşkilatlara, informasiya və təşkilati dəstək göstərənlərə təşəkkürnamələr verilib.
Konfransın təşkilatçıları Elm və Təhsil Nazirliyi, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseyidir.