Heydər Əliyev Azərbaycanın ən yeni tarixinin milli inkişaf strategiyasının müəllifidir
Qax-Balakən, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının böyük oğlu, unudulmaz tarixi şəxsiyyət Heydər Əliyevin xatirəsi Qax və Balakən rayonlarında da dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də Qax rayonunda müxtəlif tədbirlər keçirilib. Əmək kollektivləri, ictimaiyyət nümayəndələri dahi rəhbərin şəhərin mərkəzi meydanında ucalan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən rayon tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhrandan çıxarıb, vətəndaş müharibəsinin qarşısını alıb, cəbhədə məğlubiyyətlər seriyasına son qoyub, atəşkəs rejiminin tətbiqinə nail olub, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.
Qeyd olunub ki, istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir.
Tədbirdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyevin “Xalqa bağışlanan ömür” mövzusunda məruzəsi dinlənilib.
Sonra Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova, Peşə liseyinin direktoru Səbuhi Bilalov, şəhər 2 saylı məktəb-liseyin direktoru Aybəniz Məmmədova, Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov çıxış ediblər.
Balakənlilər də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Rayon ictimaiyyətinin nümayəndələri dekabrın 12-də səhər saatlarından başlayaraq Balakən şəhərindəki mədəniyyət və istirahət parkına gələrək, Ulu Öndərin dağüstü yüksəklikdə ucalan abidəsi önünə gül-çiçək düzüblər.
Mədəniyyət Mərkəzində keçirilən anım tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən film nümayiş olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və fəaliyyəti ilə bilavasitə bağlıdır. Оnun ölkəmizə rəhbərliyi dövründə respublikamız əsrə bərabər inkişaf yоlu keçib. Ulu Öndər öz ölkəsinə rəhbərlik etdiyi hər iki dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr edib, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı оlub.
Vurğulanıb ki, Ulu Öndər bütün fəaliyyəti dövründə Azərbaycan xalqının, ölkəmizin inkişafı üçün çalışıb. O, bütün mənalı ömrünü öz varlığı qədər sevdiyi Azərbaycan xalqına, onun inkişafına, dünya xalqları arasında layiqli yer tutmasına həsr edib. Müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət kimi yaddaşlara əbədi həkk olunub.
Sonra rayonun mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilən Respublika Uşaq İncəsənət Festivalında müxtəlif nominasiyalar üzrə qalib gəlmiş balakənli məktəblilərə və onların müəllimlərinə rayon icra hakimiyyəti tərəfindən mükafatlar təqdim olunub.