ELM VƏ TƏHSİL
“Heydər Əliyev Ensiklopediyası” 2025-ci ildə hazır olacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də Prezident İlham Əliyevin Azərbaycan Milli Ensiklopediyası haqqında 2024-cü il 25 oktyabr tarixli Fərman və Sərəncamının icrası haqqında olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Akademik İsa Həbibbəyli bildirib ki, Fərman və Sərəncama əsasən Azərbaycan Milli Ensiklopediyasının strukturunda dəyişiklik edilib, yeni redaksiya heyətinin tərkibi təsdiqlənib. Bu sənədlərin Azərbaycan Milli Ensiklopediyasının fəaliyyətinin müasir şəraitdə yeni tələblər əsasında təşkili baxımından xüsusi əhəmiyyəti var.
Diqqətə çatdırılıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 2004-cü ildən indiyə qədər Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan və rus dilində “Xüsusi” buraxılışı, həmçinin 1-10-cu cildləri işıq üzü görüb, hazırda 11-ci cildin çapına hazırlıq görülür. Habelə Mərkəzinin nəzdində “Heydər Əliyev Ensiklopediyası” sözlüyü və məqalələri hazırlanır.
Məsələ ilə əlaqədar ensiklopediyanın əməkdaşı Rüstəm Hacıyev çıxış edərək “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. O, “Heydər Əliyev Ensiklopediyası”nın 2025-ci ildə tam hazır olacağını söyləyib.
Məsələ ilə əlaqədar akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının cildlərinin elektron versiyasının İnternet məkanında yerləşdirilməsi ilə bağlı təklifini səsləndirib.
Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin fəaliyyətinin yeni tələblər səviyyəsində təşkilini təmin etmək məqsədilə qərar qəbul olunub.