“Heydər Əliyev İli” çərçivəsində şahmat turniri təşkil olunub
Bakı, 12 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Keşlə bələdiyyəsinin birgə təşkilatçılığı ilə şahmat turniri keçirilib.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a verilən məlumata görə, şahmat turnirində Nizami rayonu, Keşlə qəsəbəsinin 4 təhsil müəssisəsi üzrə 16 şagird iştirak edib.
Bildirilib ki, qızlar arasında birinci yeri 328 nömrəli tam orta məktəbin şagirdi Zəhra Mirzəli, ikinci yeri 328 nömrəli tam orta məktəbin şagirdi Özləm İsayeva, üçüncü yeri isə 312 nömrəli tam orta məktəbin şagirdi Nigar Məmmədli tutublar. Oğlanlar arasında isə birinci yerə 328 nömrəli tam orta məktəbin şagirdi Murad Kərimov, ikinci yerə 227 nömrəli orta məktəbin şagirdi Ömər Əzməmmədli, üçüncü yerə isə 201 nömrəli tam orta məktəbin şagirdi Nihad Əliyev layiq görülüblər.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov və 328 nömrəli tam orta məktəbin direktoru Ruslan Ağamalıyev çıxış ediblər.
Sonda təltifetmə mərasimi keçirilib. Qaliblərə diplomlar, medallar və kubok, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.