“Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitabının təqdimatı olub
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan idmanından, onun tarixində və keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, əldə olunmuş idman nailiyyətlərindən bəhs edilir.
Olimpiya çempionları, rəsmilər, professor-müəllim və inzibatı heyət, həmçinin tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Ulu Öndər Heydər Əliyevin tarixi xidməti” adlı sənədli film nümayiş olunub.
Təqdimat mərasimini giriş sözü ilə açan ASAPES-in rektoru Fuad Hacıyev qonaqlara Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyəti, idman siyasəti və bu sahədəki əvəzsiz xidmətlərindən danışıb.
Müəllif D.Quliyev “Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitabı haqqında məlumatları tədbir iştirakçıları ilə bölüşərək tədbirin təşkilində verdiyi dəstəyə görə akademiya rəhbərliyinə, eləcə də qonaqlara təşəkkürünü bildirib.
Sonda müəlliflə sual-cavab və müzakirə formatında interaktiv sessiya keçirilib.