Heydər Əliyev və Azərbaycan dili - dəyirmi masa
Bakı, 31 avqust, AZƏRTAC
Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa təşkil edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisindən, bu istiqamətdə atdığı addımlardan bəhs edib.
Qoruğun elmi işçisi Zəminə Rəsulova “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə ilə çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyətin inkişafına da xüsusi diqqət yetirdiyini bildirib. O, dahi Liderin Azərbaycan dilinin dövlət səviyyəsinə qaldırılması və dilin saflığının qorunması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
Tədbirdə Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova “Ana dili və milli kimlik” mövzusunda məruzəsində doğma dilimizin tarixi inkişaf prosesindən, milli kimliyin formalaşmasında dilin rolundan və əhəmiyyətindən danışıb.
Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktor müavini Vasif Paşayev “Azərbaycan Şumer mədəni əlaqələri” mövzusunda məruzəsində isə qədim Şumer dilində olan sözlərin Azərbaycan türkcəsində olan sözlərlə müqayisəli təhlilini verib.
“Tarixşünaslıqda Alban dili və əlifbası məsələsi” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Elşən Abdurahmanov isə Alban əlifbası ilə yazılan kitabələr, artefaktlar, Alban dili və əlifbasının sıradan çıxma səbəbləri haqqında ətraflı məlumat verib.