HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN
GƏDƏBƏY RAYONUNDA BU MÖVZUDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gədəbəy şəhərində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda keçirilən elmi-praktik konfransda dönə-dönə vurğulanmışdır. Konfransın iştirakçıları əvvəlcə şəhərin mədəniyyət və istirahət parkında ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoymuşlar.
Sonra konfrans mədəniyyət sarayında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə konfransın keçirilməsi məqsədi ilə rayon təşkilat komitəsinin yaradıldığını və mövzu ilə bağlı 300-ə yaxın iş hazırlandığını qeyd etmişdir. Bildirmişdir ki, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının yaranmasının 14 illiyi qeyd olunacaqdır. Bugünkü konfrans da həmin tədbirə hazırlıq məqsədi daşıyır.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif məqamlarından söhbət açan K.Rzazadə müasir Azərbaycan dövlətçiliyinin ümummilli liderin adı ilə bağlı olduğunu bildirmişdir.
Mövzu ilə bağlı müxtəlif ali məktəblərin tələbələrinin və Gədəbəy rayonundakı orta məktəblərin müəllim və şagirdlərinin məruzələri dinlənilmişdir. Natiqlər Azərbaycanın yaxın və uzaq keçmişinə toxunaraq, ümummilli lider Heydər Əliyevin respublikamızda hakimiyyətdə olduğu illərdə ölkənin sürətlə inkişaf etdiyini əsaslı faktlarla şərh etmiş, bu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Konfransda iştirak edən qonaqlar adından YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, tədbirin çox böyük siyasi əhəmiyyət daşıdığını vurğulamış, demişdir ki, konfrans həm intellektli gənclərin ortaya çıxarılmasında, həm də Heydər Əliyev irsinin təbliğ olunmasında və öyrənilməsində çox böyük rol oynayır. Doğrudan da Heydər Əliyev irsi Azərbaycan üçün böyük sərvətdir. Ulu öndərin adı çəkiləndə, Azərbaycan gözümüzün önündə canlanır. Həmçinin Azərbaycan deyəndə, dahi öndər Heydər Əliyevi xatırlayırıq. Ona görə də Azərbaycan bizim üçün nə qədər doğmadırsa, Heydər Əliyev də bir o qədər əziz və müqəddəsdir. Natiq bildirmişdir ki, hazırda Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı, həm də dünyanın ən sürətli inkişaf edən və diqqət mərkəzində olan ölkələrindən biridir. Bütün bunlar isə təbii ki, ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində mümkün olmuşdur. Məhz Azərbaycanın gələcək inkşafı üçün böyük əhəmiyyət kəsb edən neft strategiyası ulu öndərin adı ilə bağlıdır.
Sonra mövzu ilə bağlı məruzələr qiymətləndirilmişdir. Zəhmət kənd orta məktəbinin müəllimi Qumru Abdullayeva, Bakı Dövlət Universiteti hüquq fakültəsinin IV kurs tələbəsi Azər Babayev və Şınıx kənd orta məktəbinin X sinif şagirdi Günay Hüseynova birinci yerə layiq görülmüşlər. Qaliblərə 200 manat məbləğində pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Digər iştirakçılara isə 100 manat və hədiyyələr verilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasına müraciət qəbul olunmuşdur.
Konfransın işində Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov, Nazim Məmmədov, şair İlyas Tapdıq və digər qonaqlar iştirak edirdilər.
Tədbir Bakıdan gələn muğam ustaları və populyar müğənnilərin konsert proqramı ilə başa çatmışdır.