HEYVANDARLIQDA DAMAZLIQ İŞİNİN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bölgələrdən mütəxəssislərin, baytarlıq idarələri rəhbərlərinin və fermerlərin iştirak etdiyi tədbiri kənd təsərrüfatı nazirinin birinci müavini Aslan Aslanov açaraq mal-qaranın cins tərkibinin, damazlıq işinin yaxşılaşdırılmasının vacibliyindən danışmışdır. O, bu sahədə görülən işlərin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının icrasının tərkib hissəsi olduğunu bildirmiş, “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2006-cı il 14 fevral tarixli qərarında süni mayalama ilə bağlı qarşıya qoyulan vəzifələri xatırlatmışdır.
Bildirilmişdir ki, hazırda respublikada son beş ildə 37 min 500 baş qaramal süni mayalandırılmış, onlardan 20 min baş sağlam bala alınmışdır.
Sonra nazirliyin şöbə müdiri Çingiz Fərəcovun süni mayalandırma işinin vəziyyəti haqqında məruzəsi dinlənilmiş, bölgələrin nümayəndələri bu sahədə təcrübələrini bölüşmüşlər. “İlin ən yaxşı süni mayalandırma texniki” müsabiqəsinin qaliblərinə pul mükafatları və fəxri fərmanlar verilmişdir.
Seminar-müşavirənin iştirakçıları Binə qəsəbəsində “Abşeron” fermer təsərrüfatında damazlıq işinin təşkili ilə tanış olmuşlar.