HORADİZ ŞƏHƏRİNƏ TƏBİİ QAZIN VERİLMƏSİ BƏRPA OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Horadiz şəhərinə təbii qazın verilməsi bərpa olunmuşdur. Oktyabrın 4-də Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının, o cümlədən Horadiz şəhərinin qaz təchizatı sxemi ilə tanış oldu.
“Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov məlumat verdi ki, layihənin birinci mərhələsində təxminən 69 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsi nəzərdə tutulmuşdur. Horadiz şəhərində qazpaylayıcı xəttin uzunluğu 8600 metr olacaqdır. İndiyədək 6 min metr qaz xətti çəkilmişdir. Bütövlükdə 2050 evin qazlaşdırılması nəzərdə tutulur. Hələlik 300 evə mavi yanacaq verilir.
Prezidentə ümumən respublikada qazlaşdırmanın vəziyyəti barədə də məlumat verildi. Bildirildi ki, 2008-ci ildə Azərbaycanda 1 milyon 374 min 468 əhali abonentinə qaz verilir ki, bu da 83,6 faiz deməkdir. 2013-cü ilə qədər həmin abonentlərin sayının 1 milyon 484 min 622-yə çatdırılması nəzərdə tutulur. Təbii qazdan istifadə edən əhalinin evlərində və mənzillərində 1 milyon 105 min 715 sayğac qoyulmuşdur. Prezident İlham Əliyev Horadiz şəhərinə təbii qazın verilməsinin bərpasını bildirən məşəli alovlandırdı və mərasimdə nitq söylədi.
######
![]() |
![]() |

