“Horizon Avropa” proqramı üzrə milli əlaqələndirici şəxslər üçün təlim
Bakı, 10 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının “Horizon Avropa” proqramı üzrə milli əlaqələndirici şəxslər üçün təlim keçirilib.
Bu barədə AZƏRTAC- AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Esmira Əlirzayeva son illər Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycanın alim və mütəxəssislərinin “Horizon” proqramlarına marağının artdığını söyləyib. O, fevralın 6-dan 10-dək Azərbaycanda Horizon həftəsinin keçirildiyini və bugünkü təlimin bu həftə çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.
Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi Azərbaycan Respublikasının müxtəlif nazirlik, agentlik, elmi və ali təhsil müəssisələri və digər qurumlarından olan 25 mütəxəssisdən təşkil edilib. AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev MƏŞŞ-nin koordinatorudur.
Avropa İttifaqı tərəfindən dəstəklənən təlim Avstriyadan olan ekspert Qorazd Veis və italiyalı ekspert Bruno Mourenza tərəfindən aparılıb. Təlim “Çərçivə Proqramının təşviqi üçün milli əlaqələndirici şəxslərin fəaliyyətlərinə dair praktiki məsləhətlər”, “Milli Əlaqələndirici Şəxslərin əsas funksiyaları: cari tədbirlər və imkanlar - Qrup işi”, eləcə də “Azərbaycanın maraqlı tərəfləri üçün “Horizon Avropa” proqramı çağırışlarının seçilməsi və bu barədə məlumatlandırmanın aparılması” bölmələri üzrə keçirilib.
“Maraqların toqquşması” mövzusunun müzakirəsi üçün Avropa Komissiyasının əməkdaşı Nikolo Querci Brüsseldən onlayn olaraq qoşulub. İştirakçılar layihələrin hazırlanması üçün elmi yenilik, metod və yanaşmalar, iş bölgüsü, gözlənilən nəticələr və s. üzrə ətraflı məlumatlandırılıb. Təlim iştirakçıları 3 işçi qrupu şəklində “Horizon Avropa” proqramının müxtəlif istiqamətlərini əhatə edən mövzular üzrə işlər icra ediblər.
Təlimdə milli əlaqələndirici şəxslər çıxış edərək layihə və təkliflərini səsləndiriblər.
AK-nin ekspertləri 10-dan çox azərbaycanlı alim və mütəxəssislə fərdi görüşlər keçirmək, onların layihə təkliflərinin “Horizon Avropa” proqramının tələblərinə uyğun hazırlanması üzrə məsləhətlər veriblər.