Hörmüz boğazında gərginlik fonunda Orta Dəhlizin qlobal əhəmiyyəti artır - AÇIQLAMA
Bakı, 18 mart, AZƏRTAC
Son dövrlərdə Yaxın Şərqdə müşahidə olunan geosiyasi gərginliklər, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya iqtisadiyyatının və enerji təhlükəsizliyinin nə dərəcədə həssas olduğunu bir daha nümayiş etdirir. Qlobal enerji daşımalarının mühüm hissəsinin məhz bu strateji su yolundan keçdiyini nəzərə alsaq, burada yaranan hər hansı riskin beynəlxalq bazarlara dərhal təsir göstərməsi qaçılmazdır.
Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü, türkiyəli siyasi ekspert Mehmet Seven bildirib.
Onun sözlərinə görə, məhz belə bir həssas dövrdə alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyəti daha da ön plana çıxır.
“Bu kontekstdə Orta Dəhliz – yəni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – yalnız regional deyil, qlobal miqyasda strateji əhəmiyyət daşıyan layihə kimi diqqət mərkəzinə gəlir. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut həm ticarət, həm də enerji daşımaları üçün etibarlı alternativ kimi çıxış edir. Orta Dəhlizin əsas üstünlüyü onun coğrafi və siyasi baxımdan daha təhlükəsiz zonalardan keçməsidir. Bu marşrut, xüsusilə dəniz yollarında risklərin artdığı bir vaxtda, quru üzərindən sabit və davamlı logistika imkanları təqdim edir. Eyni zamanda, nəqliyyat müddətinin qısalması və xərclərin optimallaşdırılması baxımından da rəqabət qabiliyyətinə malikdir. Azərbaycan bu dəhlizin mərkəzi halqalarından biri kimi xüsusi rol oynayır”,- deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri – dəmir yolları, limanlar və logistika mərkəzləri – Orta Dəhlizin effektivliyini artıran əsas amillərdəndir. Xəzər dənizindəki müasir liman imkanları və region ölkələri ilə qurulan əməkdaşlıq platformaları bu marşrutun dayanıqlığını daha da gücləndirir: “Hörmüz boğazında gərginliyin artması fonunda enerji təhlükəsizliyinin şaxələndirilməsi məsələsi daha aktual xarakter alır. Avropa ölkələri və digər iri iqtisadiyyatlar enerji mənbələrinin və marşrutlarının diversifikasiyasına xüsusi önəm verməyə başlayıblar. Bu kontekstdə Xəzər regionunun enerji ehtiyatlarının Orta Dəhliz vasitəsilə daşınması perspektivləri geniş müzakirə olunur. Eyni zamanda, Orta Dəhliz yalnız enerji daşımaları ilə məhdudlaşmır. Bu marşrut ticarət, sənaye və investisiya axınlarının artmasına, region ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə də təkan verir. Rəqəmsal logistika, yaşıl nəqliyyat və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi ilə Orta Dəhliz gələcəyin nəqliyyat şəbəkələrindən birinə çevrilmək potensialına malikdir”.
Mehmet Sevən bildirib ki, qlobal çağırışlar fonunda alternativ marşrutların inkişafı artıq seçim deyil, zərurətə çevrilib.
“Hörmüz boğazında baş verənlər bir daha göstərir ki, tək bir marşruta bağlılıq ciddi risklər yaradır. Bu baxımdan Orta Dəhliz kimi layihələr beynəlxalq ictimaiyyət tərəfindən daha fəal şəkildə dəstəklənməli və inkişaf etdirilməlidir. Mövcud geosiyasi reallıqlar Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Bu marşrut yalnız iqtisadi baxımdan deyil, həm də strateji sabitlik və təhlükəsizlik baxımından mühüm rol oynayır. Gələcək dövrdə Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün region ölkələri arasında koordinasiyanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır”, - deyə türkiyəli siyasi ekspert əlavə edib.