İbtidai sinif şagirdləri Beynəlxalq Sülh Günü barədə məlumatlandırılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflərdə 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar dərslər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, dərslərdə Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun bəşəriyyəti düşündürdüyü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğu şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən dərslərdə "Biz sülhə səs veririk", “Sülh insan həyatının təminatıdır”, “Azərbaycan sülh tərəfdarıdır”, “Bəşəriyyətə sülh gərək”, “Göyərçinim-sülh quşum”, “Sülhə gəlin, ey insanlar!” kimi şüarlar səsləndirilib.