İctimaiyyət nümayəndələri sertifikatlaşdırma imtahanlarını izləyib
Bakı, 20 iyun, AZƏRTAC
Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 20-də imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediatur iştirakçılarına bu gün ilk olaraq ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma imtahanlarının keçirildiyi barədə məlumat verilib. 20 minə yaxın ibtidai sinif müəllimi iyunun 20-23-də imtahana cəlb olunacaq. İyunun 24-də isə 8 min 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi üçün test imtahanları keçiriləcək.
Mediaturda iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir və sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə, bacarıq sərgiləyirlər.
Mətin Kərimli əlavə edib ki, sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun maaş artımına və sosial rifahın yüksəlməsinə də imkan yaradır.
Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, sertifikatlaşdırma imtahanları iyunun 24-dək davam edəcək. İmtahanlar ölkənin 13 şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.