“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar başa çatıb YENİLƏNİB
Şuşa, 24 sentyabr, Elçin Hüseynov, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar başa çatıb.
AZƏRTAC xəbər verir ki, seminar çərçivəsində sonuncu sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunub. Bu sessiyaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləm moderatorluq edib.
Sessiyada “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli qeyd edib ki, müasir media maarifləndirmə, təbliğat kimi funksiyaları ilə yanaşı, ictimai rəyin formalaşmasında mühüm element kimi çıxış edir. Media tribunası vətəndaş - dövlət, vətəndaş - ictimai sektor, vətəndaş - din münasibətlərinin inkişafında, onun sağlam təməllər üzərində qurulmasında mühüm rol oynayır. Azərbaycan mediası bu istiqamətdə öz fəaliyyətini bütövlükdə dini-milli fərq tanımadan qurmaqdadır.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova bildirib ki, dini maarifləndirmənin düzgün aparılmasında ən böyük rollardan biri media nümayəndələrinin üzərinə düşür. Sosial mediada təbliğatın ənənəvi media qədər səmərəli olmadığını vurğulayan S.Məmmədova söyləyib ki, ənənəvi medianın sərhədsiz məkan olan sosial media ilə müqayisədə effektivliyinin artırılmasında mətbuat nümayəndələri maraqlı olmalıdır. O, eyni zamanda, süni intellektin dini maarifləndirmə, təbliğat sisteminə təsirləri və ixtisaslaşdırılmış media kontenti, habelə televiziya verilişlərinin hazırlanmasının önəmindən bəhs edib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Dini mövzuda başlıca manipulyativ istiqamətlər və media” mövzusunda təqdimatla çıxış edərək, radikal dini cərəyanların istifadə etdikləri təbliğat və təsir alətləri, informasiya sahələrinin formalaşdırılması istiqamətləri və digər məsələlərə toxunub. V.Zifəroğlu müxtəlif ölkələr tərəfindən maliyyələşdirilən dini cərəyanların təbliği ilə məşğul olan elektron media, həmin strukturların ölkəmizdəki müstəqil media orqanlarına ötürdüyü məlumatlar əsasında internet mediasına təsiri barədə geniş şərh verib. O, sosial media üzərindən aparılan təbliğat vasitəsilə radikal fikirlərin, o cümlədən milli dəyərlərin, dünyəviliyin və dövlətin təməl prinsiplərinin hədəfə alınmasının mənfi təzahürlərini vurğulayıb.
Sonda çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı açılış nitqində müxtəlif sahələrə aid olan, hər birimiz üçün yol xəritəsi hesab edilən fikirlərini xatırladaraq bildirib ki, ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də ideoloji mübarizədə Azərbaycana yönələn təhdidlərə qarşı mübarizə aparmaqdır. İdeoloji sahədə çağırışlara həssas yanaşma xüsusi əhəmiyyətə malikdir. R.Məmmədov seminarda səsləndirilən bütün təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.
“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar müzakirələrdən sonra iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatıb.