“İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası “İdman jurnalistikası” magistr ixtisası üzrə 2018-2019-cu akademik dərs ili üçün növbəti qəbul elan edib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, “İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlər birinci imtahan mərhələsində iştirak etmək üçün fevralın 12-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər (http://eservices.dim.gov.az/erizemag/erize).
Qəbul imtahanın birinci mərhələsindən yetərli balı toplayan namizədlər ikinci mərhələyə müraciət edə biləcəklər. İkinci mərhələ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçiriləcək.
“İdman jurnalistikası” magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. “İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Den Meyson rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir. Bu da namizədlərə ingilis dili biliklərini daha da inkişaf etdirmək imkanı verir.
Bu magistr proqramında təhsil alacaq magistrlər onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video jurnalistika, onlayn media, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Bununla yanaşı, “İdman jurnalistikası” ixtisasına qəbul olunan magistrlər proqram çərçivəsində Böyük Britaniyaya səfər edəcək, əsas təlim modullardan birini Şeffild Hallam Universitetində keçəcəklər.