İdris İsayev: Hər il dövlət büdcəsindən təhsil sahəsinə 4,9 milyard manat vəsait ayrılır
Bakı, 14 oktyabr, AZƏRTAC
Cəmiyyətimizin inkişafında təhsilin rolu böyükdür və demək olar ki, əsas hərəkətverici qüvvəsidir. Təhsil ölkənin sosial rifahını, idarəetmə strukturunu müəyyənləşdirir, gender bərabərliyini, sosial bərabərliyi, yoxsulluğun azaldılmasına təmin edir.
AZƏRTAC xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev Bakıda keçirilən “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda deyib.
Nazir müavini bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü məqsədi inklüziv keyfiyyətli təhsili təmin etməkdir: “Təhsil o dövlətlərdə inkişaf edir ki, həmin dövlətdə təhsilə investisiyalar yönəldilir. Hansı ölkələr təhsilə investisiya yatırırsa, orada iqtisadi inkişaf göstəriciləri daha yüksəkdir. Təhsil yeni texnologiyalar, innovasiyalar deməkdir. Ölkəmiz də təhsilə diqqət və qayğı ilə yanaşan dövlətlərdən biridir. Təhsil sahəsində siyasət uğurla həyata keçirilir. Bu sahədə dövlət proqramları, strategiyalar, konsepsiyalar uğurla icra olunub. Təhsilin əlçatanlığının təmin edilməsi, müəllimlərin peşəkarlığının artırılması, təhsil idarəetmə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, inklüzivliyin artırılması kimi məsələlər prioritetdir”.
İ.İsayev qeyd edib ki, təhsilə investisiyalar dövlət tərəfindən daha çox yatırılır. Digər ölkələrdə 85 faiz orta hesabla investisiyanın payı dövlətin üzərindədir. Ölkəmiz üzrə bu göstərici 95 faiz və hətta daha yüksəkdir. Hər il dövlət büdcəsindən təhsil sahəsinə 4,9 milyard manat vəsait ayrılır. Təhsilə sahəsinə yatırım sürətlə artır. Təhsilə yatırılan investisiyalar nəticəyönümlü investisiyalardır. Hər il 500-ə yaxın gənc xaricdə ali təhsillərini davam etdirir. Təhsilə yatırılan investisiyalar hər bir ölkə üçün önəmlidir.