İƏT MDİHK-nin sədr müavini: Bu, açıq nifrət və müharibə cinayətidir
Füzuli, 3 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda beynəlxalq hüquqa əsasən bir çox müharibə cinayətlərinin törədildiyini gördük. Müsəlmanların dini məkanlarının - məscidlərin yox edildiyini, dağıdıldığını, hətta İslama görə haram sayılan donuzların məscidlərdə bəslənildiyini gördük. Bu, açıq nifrət və müharibə cinayətidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu erməni işğalından azad olunan Füzuli rayonuna səfər edən İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin müavini Hacı Ali Açıkgül deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərimizə iki il əvvəl də səfər edib. Həmin vaxt da əsas məqsəd 30 illik işğal dövründə erməni silahlıları tərəfindən Azərbaycanın torpaqlarında, Qarabağda beynəlxalq hüquqa, insani dəyərlərə görə işlənən insan haqlarının pozulmasını təsbit etmək və hesabat hazırlamaq idi: “Ancaq o vaxt Füzuli rayonunda olmamışdıq. Bu gün Füzuliyə də gəldik. Məzarlıqların yox edildiyini, baş daşlarının, - müsəlmanlar adətən baş daşlarında qiymətli daş olan mərmərdən istifadə edirlər, - sökülərək daşındığını gördük. Bu da beynəlxalq hüquqa görə müharibə cinayətidir. Bir çox kənd, qəsəbə və şəhərlərin içindən keçərək gəldik Füzuliyə. İnsanların sıx yaşadığı, məktəb, məscid, mədəniyyət evləri, teatr, sənəd məkanlarında daşüstədaş buraxılmadığını gördük. Biz bunları hesabatda qeyd edəcəyik. Həm İƏT-ə, həm də digər insan hüquqları ilə əlaqədar olan beynəlxalq təsisatlara göndərəcəyik”.
Azad olunan ərazilərə yeni yolların çəkildiyini, infrastrukturun tamamlanmaq üzrə olduğunu vurğulayan Hacı Ali Açıkgül deyib: “Füzuli Beynəlxalq Hava Limanı mükəmməl şəkildə inşa olunub və fəaliyyət göstərir. Türkiyənin və digər İslam ölkələrinin, dost-qardaş ölkələrin bu torpaqlara çox ciddi yatırımları və yardımları olduğunu gördük. Hazırda yanında dayandığımız məktəbin Özbəkistan hökuməti tərəfindən inşa edildiyini öyrəndik. Bu dəstəyin İƏT-ə üzv digər ölkələr tərəfindən də göstərilməsini gözləyirik. Bunu da hesabatımızda qeyd etməyi düşünürük. İƏT-ə üzv ölkələrə də Azərbaycan hökuməti və dövləti ilə həmrəylik göstərilməsi çağırışı etmək istəyirik. Çünki qısa bir vaxtda böyük bir bölgəni - Qarabağı yenidən dirçəltmək, həyata qaytarmaq tək bir dövlət üçün çətindir. Əlbəttə Azərbaycan güclü dövlətdir. Ancaq beynəlxalq yardıma, xüsusən də döst və qardaş ölkələrdən, İslam ölkələrindən yardıma ehtiyac olduğunu düşünürük”.