REGİONLAR
İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyinin dayanıqlığını təmin edəcək VİDEO





Naxçıvan, 6 mart, Nail Əsgərov, AZƏRTAC
İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Naxçıvanın bir mənbədən olan enerji asılılığını aradan qaldıracaq və Naxçıvanın enerji təhlükəsizliyinin dayanıqlığını təmin edəcək.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında iqtisadçı İbrahim Hənifəzadə deyib.
Onun sözlərinə görə, yeni layihənin reallaşması ilə bundan sonra da Naxçıvan Muxtar Respublikası beynəlxalq əhəmiyyətli logistik mərkəzə çevriləcək.
“Hazırda ölkəmiz nəinki Cənubi Qafqazda, o cümlədən dünyada özünün hərtərəfli iqtisadi inkişaf parametrlərinə görə lider mövqedədir. Makroiqtisadi sabitliyin əsas göstəricisi olan ümumdaxili məhsulun hər il artan tempi, ölkə iqtisadiyyatının sürətli iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Ölkəmiz dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin fəaliyyət göstərməsi ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində gücünü artırır və əlavə dividendlər gətirir. Ötən əsrin 90-cı illərinin əvvəllərində məlum hadisələr səbəbindən Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayıb. Hazırda muxtar respublikanın enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atılıb. Belə bir layihənin reallaşması bu gün nəinki Sədərək rayonu, eyni zamanda, Naxçıvan Muxtar Respublikası üçün çox mühüm iqtisadi hadisələrdən biridir”, - deyə iqtisadçı İbrahim Hənifəzadə əlavə edib.