İĞDIRDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
İğdır bələdiyyəsi sədrinin köməkçisi Əli Nihat Şıktaş AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin bələdiyyə başqanı Nurəddin Arasa “Tərəqqi” medalını təqdim etməsini iğdırlılar vilayətin bütün sakinlərinə göstərilən diqqətin təzahürü kimi qiymətləndirirlər. İğdır bələdiyyəsi tərəfindən şəhərin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin xatirəsinə inşa edilən abidə kompleksində son tamamlanma işləri aparılır. Şəhər sakinləri bu kompleksin açılışında iştirak etməsi üçün Prezident İlham Əliyevin səfərini səbirsizliklə gözləyirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi olan mərmər lövhənin üzərində dost və qardaş ölkələrin dövlət himnləri, ulu öndərin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” müdrik kəlamı əks olunacaqdır.
Əli Nihat Şıktaş İğdırdakı 100 hektar ərazisi olan Hakveyis dövlət parkına da ulu öndər Heydər Əliyevin adının veriləcəyini, bununla bağlı türk memarı Ömər Faruk Aylinin tərtib etdiyi layihənin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərildiyini, burada yaradılacaq abidə kompleksinin inşasının İğdır bələdiyyəsi və Avropa Birliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcəyini söylədi.
O, ermənilər tərəfindən qətlə yetirilmiş türklərin xatirəsinə İğdır şəhərinin Naxçıvan istiqamətindən girəcəyində ucaldılmış abidənin olduğu prospektə Prezident İlham Əliyevin adının verildiyini bildirdi. Onun sözlərinə görə, iğdırlılar öz vəsaitləri hesabına Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidə kompleksi də inşa etməyi qərara almışlar. Abidənin Azərbaycan memarları tərəfindən layihələşdirilməsi üçün ölkəmizin hökumət strukturlarına müraciət ediləcəkdir.