İki ayda vergiödəyicilərinə xidmət mərkəzlərində 180 minədək xidmət göstərilib
Bakı, 16 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 107 min 525 müraciət qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, həmin müraciətlər üzrə 179 min 74 sayda xidmət göstərilib.
Xidmət mərkəzlərində ən çox göstərilən əməliyyat xarakterli müraciətlər aşağıdakılar olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 56 faiz təşkil edib:
• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• “ASAN İmza” sertifikatlarının verilməsi;
• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Vergiödəyicisinə arayışların verilməsi;
• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
• Fiziki şəxsin uçotdan çıxarılması.
Hesabat dövründə vergiödəyicilərinin 5,8 min yazılı müraciəti cavablandırılıb, onlara 6,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1310 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1142 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 266,3 min sayda SMS göndərilib.
Dövr ərzində ümumilikdə 54 min 844 müraciət üzrə 85 min 614 “ASAN İmza” sertifikatı verilib.