İDMAN
İlahə Əhmədi: Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacağam
Qəbələ, 11 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Artıq dörd gündür ki, Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışları keçirilir. Burada hər şey əladır. Xüsusən də, Qəbələdəki atıcılıq kompleksi digər yarış məkanlarından fərqlənir. Bura çox xoşuma gəlir. Hər şey gözəl təşkil edilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində atıcılıq üzrə Dünya Kuboku yarışlarının qızıl medalçısı iranlı İlahə Əhmədi deyib.
O qeyd edib ki, Dünya Kuboku yarışlarının qalibi olmaqla yanaşı, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya da qazanıb: “Sabah qələbə sevinci ilə İrana yola düşəcəyəm. Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacağam”.
İlahə Əhmədi pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarının finalında özü ilə bərabər, daha 2 iranlı qadın atıcının da iştirak etməsinə və onlardan birinin bürünc medal qazanmasına görə çox sevindiyini bildirib. O, yığma komandanın baş məşqçisi Lazsio Sucsakın rəhbərliyi ilə bu yarışlara ciddi hazırlaşdıqlarını vurğulayaraq deyib: “Belə müasir atıcılıq mərkəzində dünyanın ən yaxşıları ilə mübarizə apararaq qızıl medal əldə etdim. Bu isə keçirdiyimiz gərgin məşqlərin nəticəsidir. Bu uğurun qazanılmasında yarışın keçirildiyi məkanın da payı var. Ümumiyyətlə, Bakı və Qəbələdəki atıcılıq mərkəzləri çox müasir və yüksək səviyyəlidir. İstərdim ki, bizdə də belə idman qurğuları çox olsun”.