İQTİSADİYYAT
“İLİN MALI” MÜSABİQƏSİ ELAN OLUNMUŞDUR
İqtisadi inkişaf naziri Fərhad Əliyev bildirmişdir ki, müsabiqənin ideyasını “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilmiş tapşırıqların icrası məqsədilə “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!” devizi altında milli istehsalın dəstəklənməsinə yönəlmiş sistemli tədbirlər, o cümlədən yerli məhsulların təbliğatını həyata keçirmək təşkil edir.
Məlumat verilmişdir ki, 14 nominasiya üzrə müsabiqəni İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Bakı Biznes Mərkəzi, Milli İstehsalçılar Birliyi keçirilər. Bu məqsədlə “İlin malı” Milli Mükafatı Təşkilat Komitəsi yaradılmışdır. Komitənin qərarı ilə münsiflər heyəti yaradılacaqdır.
Bakı Biznes Mərkəzinin meneceri İslam Əhmədov müsabiqənin məqsədi, nominasiyalar, iştirak qaydaları, qalibin müəyyənləşdirilməsi meyarları, mərhələləri və təltif haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu gündən müsabiqəyə start verilir və iddiaçılar sənədləri 40 gün müddətində Təşkilat Komitəsinə təqdim edə bilərlər. Bu məlumatlar 20 gün müddətində ümumiləşdirilib münsiflər heyətinə təqdim olunacaqdır. Nəticələr 30 gün ərzində qiymətləndiriləcəkdir.
Daha ətraflı məlumatı Bakı Biznes Mərkəzindən (telefonlar:437-12-90; 497-31-80) almaq olar.