İməcilikdə ümumilikdə 25 minə yaxın ağac və gül kolu əkilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin iştirakı ilə qurumun bütün idarə və müəssisələrində iməcilik keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iməcilik təkcə Bakı və Abşeron yarımadasını deyil, eləcə də respublikamızın bütün ərazisini əhatə etmişdir. “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin neftlə çirklənmədən təmizlənmiş mədən torpaqlarında, qaz emalı zavodunun Salyan şosesində yerləşən ərazisində, Pirallahı və Çilov adalarında, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığındakı geniş sahədə, Xəzər Dəniz Neft Donanmasının gəmi təmiri zavodunda, “Neftqaztikinti” Trestinin istehsalat sahələrində, Ziğ şosesində, “Azərneftyağ” neft emalı zavodunun qarşısındakı Nobel prospekti boyunca ərazilərdə ağaclar əkilmiş, əvvəllər salınmış yaşıllıqlara qulluq edilmiş, abadlıq işləri aparılmışdır.
İməcilikdə iştirak edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ötən il dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş gəmiqayırma zavodunun ərazisində aparılmış tikinti-quraşdırma və yaşıllaşdırma işləri ilə tanış olmuşdur. Bildirmişdir ki, şirkətin 30 minə yaxın əməkdaşının iştirak etdiyi tədbirdə ümumilikdə 25 minə yaxın ağac və gül kolu əkilmiş, abadlıq işləri aparılmışdır. Əkilmiş ağaclar arasında təbii xüsusiyyətlərə uyğun olan bitkilərə - küknar, şam, çinar, eləcə də dekorativ gül kollarına üstünlük verilmişdir. R.Abdullayev ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində görülən bu genişmiqyaslı aksiyanı Azərbaycanda ətraf mühitin qorunmasına neftçilərin verdiyi ən böyük töhfələrdən biri kimi qiymətləndirmişdir.